Erməni lobbisinin Fransada siyasi təsir gücü zəifləyir - Aydın Quliyev 

20:05 11.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Seçkilərdən sonra Makronla Paşinyan arasında müəyyən fasilə özünü göstərəcək”.  

Bunu hafa.az-a siyasi şərhçi Aydın Quliyev Fransada prezident seçkilərinin nəticələri və Qarabağa qanunsuz səfər etmiş prezidentliyə namizəd Pekressin seçkilərdə 5%-dən az səs toplamasına münasibət bildirərkən deyib.

A.Quliyev bildirib ki, vaxtilə Paşinyanın Qarabağa və Yerevana gəlməsinə şərait yaratdığı Pekressin və Zemurun seçkilər nəticəsində üstün səs qazanacağı deyilirdi.

“Maraqlıdır ki, Ermənistana və Qarabağa xüsusi həvəs göstərən Pekress və Zemur da olduqca aşağı nəticələr göstərdilər. Ümumi səslərin sayı və seçkidən əvvəl ekzitpolların da göstərdiyi kimi bu namizədlər lazım olan qədər səs toplaya bilmədilər.  Bu o deməkdir ki, erməni lobbisinin, erməni diasporunun Fransada siyasi təsir gücü olduqca zəifləyib”. 

Siyasi şərhçi hesab edir ki, burda bir tərəfdən namizədlərin özlərinin siyasi platformaları və  şəxsi keyfiyyətləri rol oynasa da, Vətən müharibəsi dövründə Ermənistanın məğlubiyyəti, dünya siyasətində ifşa olunması yönündə  Azərbaycanın apardığı ardıcıl təbliğat və diplomatik işlərin də öz təsiri var. Onun fikrincə, Ermənistanın işğalçı dövlət kimi müharibədə uduzması, Fransada Ermənistanın daha çox ümid etdiyi, güvəndiyi  erməni lobbisinin və diasporunun siyasi təsir imkanlarını zəiflətdi. 

“Gözlənilməz və maraqlı nəticələrdən biri də bundan ibarət idi ki, Paşinyan erməni lobbisinin və  erməni diasporunun yeni fiqurları sayıla biləcək Pekressin və Zemurun üstünlük götürə biləcəyinə ümid etmişdi.  Elə buna görə də onları Qarabağa, Yerevana gətirməkdə xüsusi maraqlar güdürdülər.  Bu nöqteyi-nəzərdən də Paşinyanın ümidləri özünü doğrultmadı.  Onun gələcəkdə hakimiyyətin sahibi kimi önə çıxarmaq istədiyi Pekress və Zemur məğlubiyyətə uğradılar. Halbu ki, Vətən müharibəsi dövründə Paşinyanın hakimiyyətinə, onun  təmsil etiyi dövlətin siyasətinə  bəlkə də Makron qədər ardıcıl dəstək verən ikinci bir lider yox idi. Amma maraqlıdır ki, Vətən müharibəsindən sonra seçki dövründə Paşinyan bəlkə də ölçüsüz addıma ataraq Makronla yox, digər namizədlərlə yaxınlaşmağa üstünlük verdi. Pekressi, Zemuru ölkəsinə dəvət etmək və onlarla əlaqələr qurmaqda maraqlı oldu. Bu isə o deməkdir ki, Paşinyan Makronla bağlı yanıldı. Əgər II turda Makron qalib gələcəksə, Ermənistanla Fransanın münasibətlərində bizim üçün əhəmiyyətli hadisələr baş qaldıra bilər”. 

A.Quliyev səslənən ehtimallar əsasında hesab edir ki, seçkidən sonra erməni lobbisi ilə Paşinyanın, Fransa İlə Ermənistanın münasibətlərində müəyyən boşluqlar,  məsafələr yarana bilər. Onun fikrincə, seçki kampaniyası dövründə Paşinyan Makrona kifayət qədər dəstək verməyib, onu Pekresin ayağına verdiyinə görə bu münasibətlər seçkilərdən sonra özünü biruzə verəcəkdir. Seçkilərdən sonra Makronla Paşinyan arasında müəyyən fasilə özünü göstərəcək.